
20 oktyabr 2026-cı il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Emin Mehbalıyev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin və vətəndaşlıq məsuliyyətinin artırılmasının vacibliyindən danışıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında vətəndaşların dövlət və cəmiyyət qarşısında daşıdıqları vəzifələrdən, Konstitusiyada təsbit olunmuş öhdəliklərdən və hüquqazidd davranışların qarşısının alınmasının əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin əməkdaşı polkovnik-leytenant Vüsal Əliyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev mövzu ətrafında çıxış edərək hərbi vətənpərvərliyin, vətəndaşlıq borcunun yerinə yetirilməsinin və gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.









