ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Azadkənddə səyyar qəbul keçirdi

      Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev tərəfindən Azadkənd kəndində səyyar qəbul keçirilib. Vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin yerində araşdırılması və mövcud problemlərin birbaşa həlli məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri iştirak ediblər.

      Görüş zamanı Nurlan Hacıyev vurğulayıb ki, hazırda ölkə başçısının xüsusi diqqəti ilə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda genişmiqyaslı quruculuq işləri aparılır. Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, regionların dayanıqlı inkişafına yönəlmiş dövlət proqramlarının icrası və əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər, eyni zamanda, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2026-cı il tarixli Sərəncamı çərçivəsində həyata keçiriləcək layihələr diqqətə çatdırılıb. Həmçinin Prezident cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində Ordubad rayonunda həyata keçirilməsi nəzərdə tutulan mühüm infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, Sərəncam çərçivəsində Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi, Ordubad şəhərində yaşayış binalarında istilik qazanxanalarının, yaşayış binalarının əsaslı təmiri, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması planlaşdırılır. Belə ki, Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz avtomobil yollarının təmiri həyata keçiriləcək. Eyni zamanda Ordubad şəhəri və Dəstə kəndinin daxili avtomobil yollarının təmiri nəzərdə tutulub. Qeyd olunub ki,  Dəstə kəndində yeni uşaq bağçasının tikintisi də Sərəncamda öz əksini tapmışdır. Vurğulanıb ki,  “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nına uyğun olaraq Azadkənddə artezian quyusunun qazılması içməli su təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

       Qeyd edilib ki, rayonun yaşayış məntəqələrində keçirilən səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunmasına, onların problem və təkliflərinin yerində öyrənilməsinə, eləcə də dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

        Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən məşğulluq, içməli su təminatının yaxşılaşdırılması, kənd ərazisində yerləşən sahibkarlıq obyektinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi, su kanalının təmir olunması, futbol meydançasının tikintisi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

        İcra Hakimiyyəti başçısı tərəfindən Azadkənddə şəhid Xəlilli Namiq Həsən oğlunun, şəhid Vəliyev Çingiz Əli oğlunun, şəhid Ələkbərov Qulam Novruz oğlunun, Darkənddə şəhid Məmmədəliyev Saday Rza oğlunun məzarı ziyarət olunub. O cümlədən Vətəndaş müraciətləri ilə bağlı kənd ərazisinə baxış keçirilib.