Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi, onların sosial-məişət problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 23 iyun 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Çənnəb kəndində səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi üzrə icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında ölkədə və regionda sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən layihələr, həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda da görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun müasir tələblərə uyğun inkişafını sürətləndirəcək, yerli istehsal və emal imkanlarının genişlənməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcəkdir.
Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin 21 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” rayonun içməli və suvarma suyu təminatının yaxşılaşdırılmasına, su infrastrukturunun təkmilləşdirilməsinə və mövcud su ehtiyatlarından daha səmərəli istifadəyə geniş imkanlar yaradacaq. Görüş zamanı şəhər və kəndlərdə yol, turizm infrastrukturunun yenilənməsi və məşğulluğun artırılması istiqamətində həyata keçiriləcək layihələr barədə də məlumat verilib.
Qəbul zamanı kənd sakinləri suvarma suyu, elektrik enerjisi, təbii qaz təminatı, ağacların budanması, kənddaxili yolların qalan hissələrinin asfaltlaşdırılması, məşğulluq və digər sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. İcra başçısı vətəndaşların müraciətlərini dinləyərək, qaldırılan məsələlərin bir qisminin yerində həlli üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib. Digər müraciətlərin həlli istiqamətində isə zəruri tədbirlərin görüləcəyini bildirib.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.