ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Bist kəndində səyyar qəbul keçirib

Ordubad rayonu üzrə vətəndaş müraciətlərinin yerində araşdırılması və əhalini narahat edən məsələlərin operativ həlli məqsədilə növbəti səyyar qəbul Bist kəndində keçirilib. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev kənd sakinləri ilə görüşərək onların müraciət və təkliflərini dinləyib. Səyyar qəbulda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

      Qəbul zamanı çıxış edən Nurlan Hacıyev, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Həmçinin Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində Ordubad rayonunda həyata keçirilməsi nəzərdə tutulan mühüm infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, Sərəncam çərçivəsində rayonun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi planlaşdırılır. Layihənin icrası rayonun enerji potensialının artırılması və mövcud enerji imkanlarından daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Ordubad şəhərində yaşayış binalarında istilik qazanxanalarının, yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur. Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də mühüm işlərin görülməsi planlaşdırılır. Belə ki, Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz avtomobil yollarının təmiri həyata keçiriləcək. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində rayonun yaşayış məntəqələrində, o cümlədən Bist kəndində su infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulur.

       Qeyd olunub ki, nəzərdə tutulan layihələrin həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, əhalinin həyat şəraitinin daha da yüksəldilməsinə və sosial obyektlərin müasir tələblərə uyğunlaşdırılmasına imkan verəcək.

       Qəbul zamanı Bist kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən yol-nəqliyyat infrastrukturu, məşğulluq, içməli su təminatı, səhiyyə, mağazanın fəaliyyətinin bərpa olunması, əkin sahələrinə yeni yol çəkilişi, kənddaxili küçələrin işıqlandırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.