Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində araşdırılması, əhalinin qayğı və problemlərinin öyrənilməsi, onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev tərəfindən vətəndaşların qəbulu davam etdirilir.
Növbəti vətəndaş qəbulu Aşağı Əylis kəndində keçirilib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri və Aşağı Əylis kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər və qaldırılan problemlər ətraflı müzakirə olunub. Vətəndaşlar müraciətlərində əsasən gündəlik həyat şəraiti, sosial məsələlər və digər onları narahat edən problemlərlə bağlı fikirlərini bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı hər bir müraciətə diqqətlə yanaşaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli imkanlarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Qəbul zamanı səlahiyyətləri daxilində həlli mümkün olan məsələlərlə bağlı müvafiq izahatlar verilərək əlavə araşdırma tələb edən müraciətlərin nəzarətə götürülməsi və aidiyyəti qurumlarla birlikdə həlli istiqamətində tədbirlərin görülməsi vurğulanıb.
Daha sonra İcra başçısı Aşağı Əylis kənd tam orta məktəbində olub və kənd ərazisinə baxış keçirib.