Azərbaycan Respublikası Prezidentinin vətəndaş müraciətlərinə həssas yanaşılması, əhalinin qarşılaşdığı problemlərin yerində araşdırılması və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Ordubad rayonunda vətəndaş qəbulları davam etdirilir. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev tərəfindən növbəti vətəndaş qəbulu 16 oktyabr 2026-cı il tarixdə Nüsnüs kəndində keçirilib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri və Nüsnüs kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, yaşayış məntəqəsinin sosial və infrastruktur təminatı ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Sakinlər tərəfindən kənd qəbiristanlığına gedən yolun təmir olunması, mobil rabitə əhatəsinin və əlaqə keyfiyyətinin təmin edilməsi məqsədilə müvafiq antena infrastrukturunun qurulması, elektrik xətlərinin mövcud yerinin dəyişdirilməsi, eləcə də kənddə uşaq bağçasının tikintisi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Nurlan Hacıyev qaldırılan məsələlərin hər birinə diqqətlə yanaşaraq onların aidiyyəti qurumlarla birgə araşdırılması, həlli imkanlarının qiymətləndirilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
Qəbul zamanı vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılmasının, əhalini narahat edən məsələlərin diqqətdə saxlanılmasının və yaşayış məntəqələrində infrastruktur təminatının yaxşılaşdırılmasının əhəmiyyəti vurğulanıb.