ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Vələver kəndində vətəndaş qəbulu keçirdi

       Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin olunması, müraciətlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə 07 avqust 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Vələver kəndində səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, eyni zamanda Vələver kəndi ilə yanaşı Başkənd və Qoruqlar kəndlərinin sakinləri də iştirak ediblər.     

       Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas məqsədi insanların rifah halının yüksəldilməsi, sosial təminatın gücləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və dövlət idarəçiliyində şəffaflığın daha da artırılmasıdır. Qeyd olunub ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas əhali qruplarına dövlət qayğısının artırılması, yeni sosial layihələrin həyata keçirilməsi, infrastrukturun müasirləşdirilməsi və regionların davamlı inkişafı bu siyasətin mühüm istiqamətləridir. Ordubad rayonunda da həyata keçirilən bütün layihələr məhz sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yaşayış məntəqələrinin inkişafına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

       Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın, eləcə də “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın uğurla həyata keçirilməsi muxtar respublikanın, eləcə də Ordubad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, əhalinin rifahının daha da yüksəldilməsinə və regionların dayanıqlı inkişafına mühüm töhfə verəcək.

       Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məşğulluq, içməli su təminatının yaxşılaşdırılması, mərasim evinin tikintisi, fərdi yaşayış evinin sənədləşdirilməsi, kənddaxili yol infrastrukturunun yenilənməsi, məscidin təmir olunması və digər məsələlərlə bağlı səsləndirilən müraciət və təkliflər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb. Qaldırılan məsələlərin bir qisminin həlli istiqamətində operativ tədbirlər görülüb, əlavə araşdırma və həlli müəyyən vaxt tələb edən müraciətlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

       Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.