ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı payızlıq əkin işlərinin gedişi, nasos stansiyalarının və suvarma kanallarının vəziyyəti ilə tanış olub

      Ordubad Rayon İcra Hakimiyyətinin başçısı rayonun bir sıra kəndlərində payızlıq əkin işlərinin gedişi, əkin sahələrinin suvarma suyu ilə təminatı və su təsərrüfatı infrastrukturunun mövcud vəziyyəti ilə yerində tanış olub.

       Rayonun kəndlərində əkin aparılan sahələrə baxış keçirilib, torpaq sahələrinin payızlıq əkinlər üçün hazırlanması, əkin işlərinin gedişi və suvarma imkanları ilə maraqlanılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsində mühüm əhəmiyyət daşıyan kanallarda aparılan lildən təmizləmə işlərinin vəziyyəti ilə tanış olunub.

Eyni zamanda, Dəstə-1, Dəstə-2, Əylis-1, Əylis-3, Ordubad-1, Ordubad-2, Kotam və Qazı nasos stansiyalarının, eləcə də Ordubad şəhərinin və Şəhriyar qəsəbəsinin içməli su ilə təminatını həyata keçirən su təmizləyici qurğunun fəaliyyətinə və mövcud vəziyyətinə baxış keçirilib.

       Baxış zamanı nasos stansiyalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, avadanlıqlara mütəmadi texniki qulluq göstərilməsi, nasosların müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında işə salınması məsələlərinə diqqət yetirilib. Ordubad Rayon Suvarma Sistemlərinin İstismarı Şöbəsinin rəhbərliyinə, aidiyyəti inzibati ərazi dairələri üzrə nümayəndələrə və bələdiyyələrə suvarma suyunun mövcud imkanlar nəzərə alınmaqla növbəlilik prinsipi əsasında bölüşdürülməsi, sudan təyinatı üzrə və səmərəli istifadə olunması, əkin sahələrinin suvarılmasına nəzarətin gücləndirilməsi, eləcə də yaranan problemlər barədə aidiyyəti qurumların vaxtında məlumatlandırılması ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

       Qeyd edək ki, Ordubad Rayon İcra Hakimiyyəti başçısının 24 sentyabr 2026-cı il tarixli 5-25/3-3-48/2026 nömrəli sərəncamı ilə suvarma mövsümündə arx və kanalların lildən təmizlənməsi işlərinin səmərəli təşkili məqsədilə komissiya yaradılıb. Komissiya tərəfindən rayon ərazisində suvarma arxlarında mövcud nöqsanların müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində görülən işlərə nəzarət olunur. Görülən işlər çərçivəsində oktyabr ayı ərzində ümumilikdə 6 920 metr uzunluğunda kanal və arx lildən təmizlənib.

       Bununla yanaşı, Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əkin sahələrinin daha çox olduğu ərazilərdə mütəmadi olaraq yerində baxışlar keçirilir, fermerlərlə görüşlər təşkil olunur. Payızlıq taxıl əkinlərinin aparılması və suvarma işlərinin gedişi ilə bağlı məsələlər müzakirə edilir, qarşıya çıxan problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.

       2 noyabr 2026-cı il tarixinə olan məlumata əsasən, Ordubad rayonunda 325,6 hektar sahədə şum aparılmış, 279,9 hektar sahədə payızlıq taxıl əkilmiş, 242,9 hektar sahədə isə suvarma işləri həyata keçirilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şumlanmış sahələr 126,6 hektar, əkilmiş sahələr 143,9 hektar, suvarılmış sahələr isə 124,9 hektar artmışdır. Bundan əlavə, 190,2 hektar ərazidə arat aparılmış, şum işlərinin davam etdirilməsi üçün torpağın əkinə hazır vəziyyətə gəlməsi gözlənilir.