ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş tədbir keçirildi

Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Ana dilində rəqəmsal təhsil" mövzusunda tədbir təşkil olunub.

     Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbirin keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsi üzrə Azərbaycan dilində hazırlanmış dərsliklərin təqdimatı, ana dilində rəqəmsal təhsil resurslarının əlçatanlığının genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən fəaliyyətin ictimaiyyətə çatdırılması olub.

     Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin direktoru Hüseyn Əsgərli, Naxçıvan PTM-nin Tədris sektorunun müdiri Ağa Rzabəyli və Naxçıvan PTM-nin əməkdaşı Həsən Cəfərov çıxış edərək ana dilinin qorunması, rəqəmsal mühitdə Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və rəqəmsal savadlılığın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs ediblər.

     Çıxışlarda vurğulanıb ki, Azərbaycan dilinin rəqəmsal platformalarda düzgün və geniş istifadəsi milli-mənəvi dəyərlərin qorunmasına, informasiya texnologiyalarının inkişafı ilə yanaşı gənclərin ana dilində keyfiyyətli rəqəmsal təhsil resurslarına çıxışının təmin edilməsinə mühüm töhfə verir. Həmçinin bildirilib ki, artıq 13 istiqamət üzrə – Windows, Microsoft Office, İT Helpdesk, Robototexnika və Süni İntellektin Əsasları, Kibertəhlükəsizlik, Sistem İnzibatçılığı, Kompüter Şəbəkələri, Adobe Photoshop, CorelDRAW, SMM və AutoCAD mövzularını əhatə edən Azərbaycan dilli dərsliklər hazırlanaraq istifadəyə verilib. Bu vəsaitlər həm çap, həm də elektron formatda istifadəçilərə təqdim olunacaq.

     Tədbirin sonunda informasiya texnologiyaları sahəsi üzrə Azərbaycan dilində hazırlanmış dərsliklər və rəqəmsal təhsil resurslarından ibarət sərgiyə baxış keçirilib.