15 sentyabr 2026-cı il tarixdə Ordubad rayonunun ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirilib. Ordubad şəhərində yerləşən İnternat tam orta məktəbdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov, rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak ediblər.
Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarını salamlayan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Çıxışda ölkəmizdə təhsilin inkişafına, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə və gənc nəslin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan bəhs olunub. Qeyd edilib ki, savadlı, vətənpərvər və müasir dünyagörüşlü gənclərin yetişdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov çıxış edib.
Tədbirdə şagirdlər tərəfində şeirlər səsləndirilib. Birincilər tərəfindən rəmzi olaraq “ilk zəng” çalınıb.
Daha sonra rayon İcra Hakimiyyəti başçısı tərəfindən məktəbin daxilində yerləşən sinif otaqlarına, yataqxanaya, yeməkxanaya baxış keçirilib, yaradılmış şəraitlə tanışlıq olub, müəllim və şagirdlərlə görüşlər keçirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, həmçinin Ordubad şəhərində yerləşən 1 və 3 saylı tam orta məktəblərdə də olaraq, təhsil ocaqlarının yeni dərs ilinə hazırlığına nəzər salıb. Məktəblərdə tədris olunan təhsilin keyfiyyətinə xüsusi önəm verilməsinin zəruriliyindən bəhs edən icra başçısı, hər iki məktəbin pedaqoji və şagird kollektivinə yeni dərs ilində yüksək nailiyyətlər arzu edib.