Ordubad Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilatlarda çalışan, eləcə də rayonun ictimai həyatında fəallığı ilə seçilən xanımlar iştirak ediblər.
Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqiəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bayram münasibətilə bütün xanımları təbrik edərək Azərbaycan qadınının cəmiyyətin inkişafında mühüm rol oynadığını, ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında onların fəal iştirak etdiyini vurğulayıb. Bildirilib ki, ölkəmizdə qadın hüquqlarının qorunması, onların cəmiyyət həyatında rolunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qadınların sosial rifahının yaxşılaşdırılması, məşğulluq və cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi istiqamətində atdığı müvafiq addımlar vurğulanıb. Eləcə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunun yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə ləyaqətlə təmsil olunması, qadınların dövlət idarəçiliyində və ictimai-siyasi proseslərdə daha yaxından iştirakının təmin edilməsi istiqamətindəki fəaliyyəti xüsusi qeyd edilib.
Tədbirdə Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fərrux Nağızadə, Azərbaycan Respublikasının Əməkdar müəllimi Könül İsmayılova çıxış edərək qadınların cəmiyyət həyatındakı rolundan, onların fəaliyyətinin daim yüksək qiymətləndirildiyindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Ordubad Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən hazırlanmış 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş musiqi nömrələri və bədii qiraət nümayiş olunub.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid analarını və xanımlarını evlərində ziyarət edərək, onları bayram münasibətilə təbrik ediblər.