ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib

7 noyabr 2026-cı il tarixində Ordubad Rayon Mədəniyyət Sarayında “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Dünyaya səs salan Zəfər sədası” adlı tədbir təşkil olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, icra hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən  deputatlar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun idarə, müəssisə və təşkilatlarının və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Republikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcıları çıxışlarında Zəfər Gününün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu qeyd edərək, bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik ediblər. Bildirilib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə etdiyi tarixi Zəfər, eləcə də 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına zəmin yaradıb.

Vurğulanıb ki, bu möhtəşəm qələbənin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik və uzaqgörən dövlətçilik strategiyası dayanır. Ümummilli Liderin formalaşdırdığı möhkəm dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun qüdrətlənməsi, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və əldə olunan mühüm nailiyyətlər həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Çıxışlarda Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların misilsiz qəhrəmanlığının xalqımızın yaddaşında daim yaşayacağı və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğu bildirilib. Qazilərimizin və müharibə iştirakçılarının göstərdikləri şücaət və fədakarlığın isə Azərbaycanın Zəfər salnaməsində xüsusi və əvəzsiz yer tutduğu qeyd olunub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri, Culfa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Ordubad rayonunun mədəniyyət müəssisələrinin solistləri və kollektivləri, məktəblilər tərəfindən musiqi nömrələri, ədəbi-bədii kompazisiya və rəqs nümunələri nümayiş olunub, Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.