ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda Dövlət Proqramına həsr olunmuş maarifləndirici tədbir keçirilib

Ordubad rayonunda Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası və fermerlərlə sahibkarların məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.

    Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun fermerləri, torpaq mülkiyyətçiləri, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar, bələdiyyə nümayəndələri və ictimaiyyət üzvləri iştirak ediblər.

    Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı aqrar sektorun yeni inkişaf mərhələsinə keçidini nəzərdə tutan mühüm strateji sənəddir. Qeyd olunub ki, proqram kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, ixracyönümlü istehsal modelinin formalaşdırılmasına və aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.

    İcra başçısı vurğulayıb ki, kənd təsərrüfatı ölkəmizdə məşğulluğun təmin olunması, regionların sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramında kənd təsərrüfatı ilə yanaşı, balıqçılıq və akvakultura sahələrinin inkişafı da xüsusi yer tutur. Bu istiqamətlər üzrə yeni emal müəssisələrinin yaradılması, logistika infrastrukturunun təkmilləşdirilməsi və innovativ texnologiyaların tətbiqi nəzərdə tutulur.

    Rəcəb Rəhimli qeyd edib ki, rayonda heyvandarlığın inkişaf etdirilməsi, intensiv bağların salınması, su ehtiyatlarından səmərəli istifadə olunması, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilib ki, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına və yerli istehsalın genişləndirilməsinə mühüm töhfə verəcəkdir.

    Diqqətə çatdırılıb ki, Dövlət Proqramının icrası nəticəsində aqrar sektorda məhsuldarlığın artırılması, əlavə dəyərin və ixrac imkanlarının genişləndirilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin təşviq edilməsi nəzərdə tutulur. Eyni zamanda, kənd yerlərində dayanıqlı məşğulluğun təmin edilməsi, əhalinin gəlirlərinin artırılması, ərzaq təminatının gücləndirilməsi və ekoloji tarazlığın qorunması əsas prioritetlər kimi müəyyən olunub.

    Daha sonra çıxış edən Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov Dövlət Proqramında müəyyən edilmiş məqsəd və vəzifələr barədə ətraflı məlumat verib. O, aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin olunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının artırılması, məhsuldarlığın və ixracyönümlülüyün yüksəldilməsi, innovasiya və rəqəmsallaşmanın tətbiqi, insan kapitalının inkişaf etdirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərdən danışıb.

    Tədbirdə çıxış edən Dəstə kənd sakini, təsərrüfat sahibi Mehdi Quliyev taxılçılıq və tərəvəzçilik sahələrinin inkişafı üçün torpaqlardan səmərəli istifadənin, suvarma sistemlərinin təkmilləşdirilməsinin və məhsuldar toxumlardan istifadənin vacibliyini qeyd edib. O, rayona yüksək məhsuldarlığa malik yeni buğda sortlarının gətirilməsinin və buğda əkin sahələrinin genişləndirilməsinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, həmçinin yerli istehsalın artırılmasına mühüm töhfə verəcəyini bildirib. Mehdi Quliyev eyni zamanda Dəstə kəndində iki nasos xəttinin əsaslı təmiri istiqamətində görülən işlər barədə məlumat verib.

    Vənənd kənd sakini, təsərrüfat sahibi Yəhya Yəhyayev çıxışında ərazidə yerləşən göllərin bərpasının suvarma suyu təminatının yaxşılaşdırılmasına, əkin sahələrinin su ilə təminatının gücləndirilməsinə və məhsuldarlığın artırılmasına xidmət edəcəyini bildirib. O, həmçinin heyvandarlığın inkişaf etdirilməsi məqsədilə damazlıq heyvan cinslərinin güzəştli kreditlər hesabına alınmasının və müasir heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər yerli istehsalın artırılmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir

    Çənnəb kəndindən olan təsərrüfatçı Elgüc Nəcəfli çıxışında heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi üçün tövlə tikintisinə yararlı torpaq sahələrinin ayrılması məsələsinin diqqətdə saxlanılmasını təklif edib. O bildirib ki, hazırda təsərrüfatında 125 başdan artıq iribuynuzlu heyvan mövcuddur. Təsərrüfatın daha da genişləndirilməsi məqsədilə güzəştli kreditlər hesabına damazlıq heyvanların alınması üçün müraciət etdiyini, müraciətinə əsasən damazlıq heyvanların bir hissəsinin artıq əldə olunduğunu diqqətə çatdırıb. Elgüc Nəcəfli gələcəkdə təsərrüfatını daha da böyütmək niyyətində olduğunu qeyd edərək, həyata keçirdiyi bu fəaliyyətin rayon üzrə ət istehsalının artırılmasına, yerli istehsalın gücləndirilməsinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyini vurğulayıb.   

    Sahibkar, Vənənd kənd sakini Saimə Babayeva çıxışında rayon ərazisində meyvəçiliyin inkişaf etdirilməsinin və konservləşdirmə müəssisələrinin fəaliyyətinin genişləndirilməsinin kənd təsərrüfatının inkişafına mühüm təkan verəcəyini bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi müəssisədə müasir avadanlıqların və yeni texnologiyaların tətbiqi hesabına istehsal gücünün artırılması və məhsul çeşidinin genişləndirilməsi istiqamətində işlər aparılır. Sahibkar əsas məqsədlərdən birinin istehsal olunan məhsulların yerli brend kimi tanıdılması və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi olduğunu vurğulayıb.

    Saimə Babayeva bildirib ki, hazırda müəssisənin istehsal etdiyi məhsullar Rusiya və Türkiyə bazarlarına ixrac olunur. O, logistika sahəsində mövcud məsələlərin həll ediləcəyi təqdirdə istehsal həcmlərinin daha da artırılmasının, məhsulların yeni xarici bazarlara çıxarılmasının və ixrac coğrafiyasının genişləndirilməsinin mümkün olacağını diqqətə çatdırıb. Qeyd olunub ki, bu istiqamətdə atılacaq addımlar rayonun iqtisadi inkişafına, məşğulluğun artırılmasına və ixrac potensialının gücləndirilməsinə müsbət təsir göstərəcəkdir.

    Tədbirdə iştirak edən fermerlər və sahibkarlar tərəfindən kənd təsərrüfatının dayanıqlı inkişafı, istehsal və emal infrastrukturunun təkmilləşdirilməsi, aqrar sektorda səmərəliliyin artırılması istiqamətində müxtəlif təkliflər səsləndirilib. Çıxışlarda kənd təsərrüfatı məhsullarının satış imkanlarının genişləndirilməsi məqsədilə topdansatış mərkəzinin yaradılması, örüş və otlaq sahələrinin idarə olunmasının təkmilləşdirilməsi, taxılçılıq və bağçılığın inkişaf etdirilməsi məsələlərinə toxunulub.

    Bununla yanaşı, su ehtiyatlarından daha səmərəli istifadə olunması üçün çaylar üzərində su tutarlarının yaradılması, ipəkçiliyin inkişafı məqsədilə Ordubad şəhərində yerləşən Toxumçuluq Zavoduna məxsus tikilinin bərpası, yeni tut bağlarının salınması və heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Müzakirələr zamanı qeyd olunan təkliflərin aqrar sahənin inkişafına, kənd yerlərində məşğulluğun artırılmasına, istehsal potensialının gücləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.

 

    Tədbirin sonunda çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramından irəli gələn vəzifələrin icrası Ordubad rayonunda daim diqqət mərkəzində saxlanılacaqdır. Qeyd olunub ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, bu istiqamətdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcəkdir.