ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda "İnsan Hüquqları Aylığı" ilə bağlı tədbir keçirildi

     Ordubad Rayon İcra Hakimiyyətinin və Culfa Regional Mədəniyyət İdarəsinin Ordubad rayon sektorunun birgə təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı" ilə bağlı  tədbir keçirilib. 09 iyun 2026-cı il tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə  Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən muzey və kitabxanaların əməkdaşları iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.   

      Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatında Hüquq və kadr məsələləri sektorunun müdiri Emin Mehbalıyev qeyd edib ki, insan hüquqlarının qorunması və təmin olunması demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən hesab olunur. Bu sahədə həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğunun daha da möhkəmlənməsinə xidmət edir.

  Culfa Regional Mədəniyyət İdarəsinin Ordubad rayon sektorunun aparıcı məsləhətçisi, sektor müdiri vəzifələrini müvəqqəti icra edən İlahi Mirzəyev bildirib ki, insan hüquq və azadlıqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir və hüquqi maarifləndirmə vətəndaşların öz hüquqlarını daha yaxşı bilməsinə və müdafiə etməsinə kömək edir. İnsan hüquqlarının cəmiyyətdə ədalətin və qanunun aliliyinin təmin olunmasındakı rolu vurğulanıb.

    Çıxış zamanı insan hüquqlarının mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, eləcə də bu sahədə maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Hüquqi biliklərin artırılması cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasına və insan hüquqlarına hörmətin güclənməsinə mühüm töhfə verir. Hər bir vətəndaş öz hüquqlarını bilməli və qanunvericiliyin verdiyi imkanlardan düzgün istifadə etməlidir.

    Daha sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bahar Əliyevanın və  Məmməd Səid Ordubadinin Ev Muzeyinin baş fond mühafizəçisi Münəvvər İsmayıllının çıxışları dinlənilib.