Ordubad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunda miqrasiya sahəsində maarifləndirmə tədbiri keçirilib
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, eləcə də rayonda qeydiyyatda olan əcnəbilər iştirak ediblər.
Tədbir zamanı “Tənzimlənməyən miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət” və “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” mövzularında təqdimatlar keçirilib.
Çıxışlarda miqrasiya qanunvericiliyinin tələblərinə əməl edilməsinin vacibliyi, əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları, qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri və dövlət qurumları arasında səmərəli əməkdaşlığın əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular üzrə fikir mübadiləsi aparılıb və maarifləndirici məlumat materialları təqdim edilib.