
08 aprel 2026-cı il tarixdə Ordubad rayonunda “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Gənclər və İdman Nazirliyinin, Səhiyyə Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşları, icra nümayəndələri və bələdiyyə sədləri iştirak ediblər.
Mövzu ətrafında çıxışlar dinlənilib. Çıxışlarda ölkə başçısı cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə yaranmış ictimai-siyasi sabitlikdən, sosial-iqtisadi inkişafın möhkəmləndirilməsi, əhalinin sağlamlığının, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində görülən işlərdən bəhs olunub. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində respublikamızda hüquq-mühafizə və digər dövlət orqanları qarşısında qoyulan vəzifələr sistemli şəkildə izah olunmuşdur. Çıxış edənlər narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin vacibliyini vurğulayıb, bu cür tədbirlərin gənclərin düzgün istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, narkotik vasitələr insan sağlamlığına, psixoloji duruma və bütövlükdə cəmiyyətə ciddi zərər vurur. İştirakçılara sağlam həyat tərzinin üstünlükləri barədə faydalı məlumatlar və tövsiyələr təqdim olunub.
Tədbir interaktiv müzakirələr, sual-cavab sessiyası və fikir mübadiləsi şəraitində davam etdirilmişdir.








