Ölkə başçısı cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş müraciətlərinin operativ və obyektiv araşdırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev tərəfindən Kotam kəndində səyyar qəbul keçirilib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Görüş zamanı Nurlan Hacıyev vurğulayıb ki, ölkə başçısının xüsusi diqqəti ilə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda genişmiqyaslı quruculuq işləri aparılır. Qeyd olunub ki, dəmiryolunun açılması sahəsində aparılan quruculuq işləri tamamlandıqdan sonra Kotam kəndində, eləcə də Ordubad rayonunda böyük inkişaf layihələri həyata keçiriləcək.
Qeyd edilib ki, rayonun yaşayış məntəqələrində keçirilən səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunmasına, onların problem və təkliflərinin yerində öyrənilməsinə, eləcə də dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən məşğulluq, Kotam-Ordubad avtobus marşrut xəttinin bərpası, kənd ərazisində yerləşən kitabxana və klubun istilik təchizatı ilə təmin olunması, mərasim evinin təmir olunması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Daha sonra İcra başçısı Kotam kənd tam orta məktəbində olub və kənd ərazisinə baxış keçirib.
