Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.
Seminar-müşavirədə çıxış edənlər müasir dövrdə mövcud olan təhlükəsizlik çağırışları fonunda əhalinin mühafizəsinin təmin edilməsinin, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi zamanı yarana biləcək risklərin minimuma endirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər davamlı olaraq həyata keçirilir.
Tədbir çərçivəsində iştirakçılara fövqəladə hallar zamanı davranış qaydaları, mühafizə vasitələrindən istifadə, əhalinin vaxtında xəbərdar edilməsi, təxliyə tədbirlərinin təşkili və təhlükəsizlik normalarına əməl olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Seminar-müşavirənin keçirilməsində əsas məqsəd əhali arasında maarifləndirmə işinin gücləndirilməsi, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın daha da təkmilləşdirilməsidir.
Həmçinin mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib, sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.