
Ordubad rayonunda Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib.
2 İyul–Azərbaycan Polisi Günü münasibətilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ordubad Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kənan Məmmədov və Polis şöbəsinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, daxili işlər orqanları dövlətçiliyimizin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm xidmətlər göstərir. Azərbaycan polisinin keçdiyi yol həm zəngin tarix, həm də fədakarlıq, peşəkarlıq və Vətənə sədaqət nümunəsidir.
Ordubad Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenantı Kənan Məmmədov çıxış edərək polis orqanlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları bundan sonra da vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Fəxri fərmanla təltif olunub.





