ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda “Qəhrəmanlıq salnaməmizin başlandığı gün” adlı tədbir keçirilib

27 Sentyabr - Anım Günü çərçivəsində “Qəhrəmanlıq salnaməmizin başlandığı gün” adlı tədbir Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunub. Ordubad Rayon İcra Hakimiyyəti və "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin birgə təşkilatşılığı ilə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mayis Gülməmmədov və ictimai birliyin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq və mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

  Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.

     Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev 27 Sentyabr – Anım Günü ilə bağlı çıxış edərək bildirib ki, bu əlamətdar gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixlərdən biridir. İcra başçısı qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın tarixində şanlı səhifələrdən birini təşkil edir. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad olunmasını təmin edib, ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olub. Nurlan Hacıyev vurğulayıb ki, əldə olunan tarixi Zəfərin təməlində Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək. İcra Hakimiyyətinin başçısı bildirib ki, şəhid ailələri və qazilər dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunub. Onların sosial müdafiəsinin gücləndirilməsi, məişət şəraitinin yaxşılaşdırılması və qarşılaşdıqları məsələlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çıxışının sonunda Nurlan Hacıyev Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların ailələrinə səbir və möhkəm cansağlığı arzulayıb.

        Daha sonra, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri, Şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, Şəhid Vüqar Nəcəfovun anası Şəmsiyyə Nəcəfova, müharibə əlili Raqib Baxşıyev çıxış edərək Anım Gününün xalqımız üçün müqəddəs gün olduğunu vurğulayıb, şəhidlərin canı və qanı bahasına qazanılan Qələbənin daim qürur mənbəyimiz olacağını qeyd ediblər. Çıxış edənlər 27 Sentyabr – Anım Gününün şəhidlərin xatirəsinə göstərilən ümumxalq ehtiramının bariz nümunəsi olduğunu bildirərək, bütün şəhidlərə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıblar.

       Rəsmi çıxışlardan sonra Ordubad Rayon Mədəniyyət Sarayı və Ordubad Peşə Liseyinin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiyada şəhidlərimizin qəhrəmanlığı, Vətən uğrunda göstərdikləri şücaəti və xalqımızın həmrəyliyi canlı şəkildə əks etdirilib. Naxçıvan Televiziyası tərəfindən Ordubad şəhidləri haqqında hazırlanmış videoçarx təqdim olunub.