
29 sentyabr 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, “Ümumdünya Məskunlaşma Günü” və “Ümumdünya Şəhərlər Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında “Şəhərsalma həftəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbir Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ordubad Ərazi Bölməsinin və Culfa Regional Mədəniyyət İdarəsinin Ordubad rayon sektorunun əməkdaşlarının iştirakı ilə həyata keçirilmişdir.
Tədbirin əsas məqsədi şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, şəhərsalma prinsiplərinin təşviqi, habelə Ordubad şəhərinin baş planı hazırlandıqdan sonra genişləndirilməsi nəzərdə tutulan ərazilərdə məskunlaşma məsələləri ətrafında müzakirələrin aparılması olmuşdur.
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi təşkilat və ictimai-siyasi məsələlər sektorunun müdiri Elçin Hüseynov tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat vermişdir.
Tədbir zamanı Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Maliyyə və Təminat şöbəsinin müdiri Səfər Hüseynov, Şəhərsalma Nəzarəti şöbəsinin 1 saylı ərazi sektorunun müdiri Sabit Abdullazadə və Nəqliyyat və mühəndis təminatı sektorunun baş məsləhətçisi Sərvər Allahverdiyev çıxış etmişlər. Çıxışlar zamanı şəhərsalma və memarlıq sahəsində həyata keçirilən tədbirlər, ərazilərin planlı inkişafının əhəmiyyəti, yaşayış məntəqələrinin ərazi planlaşdırılması və müasir şəhərsalma prinsipləri barədə fikirlər səsləndirilmişdir. Eyni zamanda şəhərsalma sahəsində ictimai məlumatlılığın artırılmasının, yaşayış məntəqələrinin planlı inkişafının və gələcək məskunlaşma proseslərinin müvafiq şəhərsalma sənədləri əsasında müzakirə olunmasının əhəmiyyəti vurğulanmışdır.
Sonda tədbir iştirakçılarının rəy və təklifləri dinlənilmiş, şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə işinin əhəmiyyəti vurğulanmışdır.



