ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda şəhid Haşımlı Turalın xatirəsinə anım tədbiri keçirildi

     25 fevral 2017-ci il tarixdə Xocavənd rayonu ərazisində kəşfiyyat tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Haşımlı Tural Əbdül oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Anım mərasimi çərçivəsində Ordubad şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilib.

     Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordunun nümayəndələri, İcra Hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, məktəb kollektivi, din xadimi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Tədbirdə çıxış edən Rəcəb Rəhimli şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlardan bəhs edib, torpaqlarımızın bütövlüyü naminə canından keçən igidlərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir.   

     Çıxışlarda şəhid Haşımlı Turalın keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun vətənpərvərliyi və qəhrəmanlığı gənc nəsil üçün nümunə kimi dəyərləndirilib.

 

     Tədbirin bədii hissəsində məktəblilər tərəfindən Vətənə, şəhidlərimizə və zəfərimizə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.