Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalmış Musayev Murad Hüseynqulu oğlunun və Babayev Natiq Barat oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 2026-cı il aprelin 20-də Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, eləcə də Ordubad şəhər İnternat və 1 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər Vətən uğrunda canından keçən şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin uca tutulması, onların ailələrinə dövlət qayğısının göstərilməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Daha sonra Ordubad şəhər İnternat və 1 saylı tam orta məktəblərinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.