ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda “Son zəng” tədbirləri keçirildi

       Ordubad rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə 2025/2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib.

      Bu əlamətdar gün münasibətilə rayonun tam orta məktəblərində təşkil olunan tədbirlərdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Rayon Təhsil şöbəsinin əməkdaşları, təhsil işçiləri, şəhid ailə üzvləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

     Rayonun Aşağı Əylis və Düylün kəndlərində keçirilən tədbirlərdə iştirak edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək məzunları və tədbir iştirakçılarını “15 İyun Milli Qurtuluş Günü” və “Son Zəng” münasibətilə təbrik edib, məzunlara gələcək təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, ölkəmizdə, eləcə də muxtar respublikada təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və müasir standartlara uyğunlaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ordubad rayonunda da müasir məktəb binalarının istifadəyə verilməsi və təhsil müəssisələrinin qabaqcıl texnologiyalarla təmin olunması gənc nəslin savadlı, yüksək dünyagörüşlü və vətənpərvər ruhda yetişməsinə geniş imkanlar açır. Rəcəb Rəhimli Aşağı Əylis kənd tam orta məktəbinin şagirdi Ayxan Babazadəni və Düylün kənd tam orta məktəbinin şagirdi Əhməd Hüseynovu 11-ci siniflər üçün keçirilmiş buraxılış imtahanında maksimum nəticə göstərərək yüksək nailiyyət qazanmaları münasibətilə təbrik edib.

    Tədbirlər məzunların hazırladıqları bədii proqramlarla davam etdirilib. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, şeirlər səsləndirilib və rəqs nömrələri nümayiş etdirilib. Sonda məzunlar üçün rəmzi “Son zəng” səsləndirilib.