ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda taxıl biçininə start verilib

Ordubad rayonunda 2026-cı ilin taxıl biçini mövsümünə start verilib. İlk biçin işləri rayonun Dəstə kəndində yerləşən əkin sahələrində aparılır.

     Kənd təsərrüfatı istehsalçıları biçin prosesinə müasir kombayn və digər kənd təsərrüfatı texnikalarını cəlb etməklə məhsulun itkisiz, operativ və keyfiyyətli şəkildə yığılmasını təmin etməyə çalışırlar. Hazırda biçin aparılan sahələrdə məhsuldarlıq hər hektardan orta hesabla 30 sentner təşkil edir ki, bu da fermerlərin zəhmətinin və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir.

     Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev ilk biçin aparılan sahələrə baxış keçiriblər. Onlar biçin kampaniyasının gedişi ilə maraqlanıb, istifadə olunacaq texnikaların hazırlıq vəziyyətini, məhsulun daşınması və saxlanılması üçün görülən tədbirləri, həmçinin təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətini qiymətləndiriblər.

     Görüş zamanı bildirilib ki, rayon üzrə taxıl sahələrinin optimal müddətdə biçilməsi, məhsul itkisinin minimuma endirilməsi və fermerlərin texnika ilə təminatının gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Biçin mövsümünün mütəşəkkil təşkili üçün aidiyyəti qurumlar arasında koordinasiya təmin edilib.

     Qeyd edək ki, biçin dövründə sahələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ərazilərə nəzarət olunur, fermerlər və texnika operatorları ilə maarifləndirici söhbətlər aparılır. Məqsəd taxıl sahələrində baş verə biləcək yanğınların qarşısının alınması və biçin prosesinin təhlükəsiz şəraitdə həyata keçirilməsidir.

     Fermerlər cari mövsümdə əldə olunacaq məhsulun rayonun ərzaq təminatına və kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcəyini bildirirlər.