
Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar xüsusilə taxıl biçini dövründə, meşə və yaşıllıq sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi, dənli bitkilərin itkisiz yığılması və yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsi məsələləri geniş müzakirə olunub. Çıxış edənlər aidiyyəti qurumlar qarşısında duran vəzifələri diqqətə çatdıraraq, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müvafiq tapşırıqlar verilib.





