ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunun ağsaqqalları ilə görüş keçirilib

      Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev rayonun ağsaqqalları ilə görüş keçirib. Görüşdə ağsaqqalların cəmiyyətdəki rolu, onların zəngin həyat təcrübəsi, müdrik məsləhətləri və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında əhəmiyyəti vurğulanıb.

    Görüş zamanı Nurlan Hacıyev Ordubad rayonunda həyata keçirilən tədbirlər, mövcud vəziyyət, qarşıda duran vəzifələr və perspektiv inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması, əhalinin gündəlik həyatına təsir edən məsələlərin həlli, su və elektrik təminatının gücləndirilməsi, kənd və şəhər yollarının təmiri, abadlıq-quruculuq işlərinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, kənd təsərrüfatının inkişafı, torpaq və su ehtiyatlarından səmərəli istifadə, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, nasos stansiyalarının və suvarma kanallarının fəaliyyətinin təkmilləşdirilməsi, sosial obyektlərin vəziyyətinin yaxşılaşdırılması və əhalinin məşğulluq imkanlarının artırılması kimi məsələlərin də diqqət mərkəzində saxlanıldığı qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2026-cı il tarixli 942 nömrəli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın Ordubad rayonunda su təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində yaradacağı imkanlardan və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlərdən bəhs olunub. Ordubad şəhərinin, Tivi, Bist, Ələhi, Xurs, Nürgüt və Nəsirvaz kəndlərinin avtomobil yollarının təmiri, Dəstə kəndində daxili yolların asfaltlanması, Dəstə kəndində uşaq bağçası-körpələr evinin tikintisi, Tivi Su Elektrik Stansiyasının (SES) inşası, eləcə də Ordubad şəhərinin və kəndlərin mərkəzi küçələrinin işıqlandırılması, Ordubad şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmir olunması, qazanxanaların mövcud yaşayış binalarından kənara çıxarılması və müasir standartlara cavab verən yeni qazanxanaların tikintisi istiqamətində nəzərdə tutulan işlər vurğulanıb.

Ordubad rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, mövcud imkanlardan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi, fermer və torpaq mülkiyyətçilərinin fəaliyyətinin dəstəklənməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, qarşıdakı dövrdə aqrar sahənin inkişafı, məhsuldarlığın artırılması, kənd təsərrüfatı potensialının daha da gücləndirilməsi və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər diqqətə çatdırılıb. İcra başçısı vurğulayıb ki, rayonun hərtərəfli inkişafı, sakinləri narahat edən problemlərin vaxtında müəyyənləşdirilməsi və həlli istiqamətində vətəndaşlarla mütəmadi təmasların qurulması, ictimaiyyət nümayəndələrinin, xüsusilə də ağsaqqalların fikir və təkliflərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

    Ağsaqqallar görüşün təşkilinə görə minnətdarlıqlarını bildirərək rayonun inkişafı, mövcud problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

  Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, ağsaqqallar tərəfindən qaldırılan - Ordubad şəhərində mərasim evinin tikintisi, rayonda istehsal sahələrinin inkişaf etdirilməsi, "Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən qədim məhəllələrin bəzi küçələrində binaların restavrasiya və konservasiya olunması, rayonun tarixi şəxsiyyətlərinin, o cümlədən şəhidlərin yaşadıqları evlərin küçələrində məlumatverici lövhələrin yerləşdirilməsi, Şəhidlər Xiyabanının təmir olunması və şəhid adlarının əbədiləşdirilməsi məqsədilə müvafiq işlərin görülməsi, Yuxarı əylis kəndində kəhrizlərin təmizlənməsi və qorunması, Parağa kəndində çay üzərində keçidin təmin olunması məqsədilə körpü tikintisinin həyata keçirilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi, bəzi kəndlərdə daxili avtomobil yollarının təmir olunması və digər məslələrlə bağlı səsləndirilən müraciət və təkliflər dinlənilib.

Görüş zamanı rayon ağsaqqaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Ordubad rayonuna göstərilən xüsusi diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.