ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunun Düylün kəndində vətəndaş qəbulu keçirildi

     Vətəndaş məmnuniyyətinin təmin edilməsi, müraciətlərin yerində dinlənilməsi və operativ həlli məqsədilə Ordubad rayonunda həyata keçirilən səyyar qəbulların davamı olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Düylün kəndində vətəndaşlarla görüşərək onların müraciət və təkliflərini dinləyib. Qəbulda Rayon İcra Hakimiyyətinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının və xidmət sahələrinin rəhbərləri, Düylün kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

     Qəbulda çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının “2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr muxtar respublikanın, o cümlədən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, müasir infrastrukturun formalaşdırılmasına, iqtisadi fəallığın artırılmasına və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Çıxış zamanı Ordubad rayonunda içməli və suvarma suyu sistemlərinin yenidən qurulması, kənd təsərrüfatı və sahibkarlığın inkişafı, məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən layihələr, eləcə də qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində rayonun şəhər və kənd yaşayış məntəqələrində içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu istiqamətdə Düylün kəndində də subartezian quyularının qazılması və yeni suvarma suyu xətlərinin çəkilməsi ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır. Həmin layihələrin kəndin su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

     Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatı və emal sənayesinin inkişaf etdirilməsinə, yerli istehsal potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, ixracyönümlü məhsul istehsalının genişləndirilməsinə və idxaldan asılılığın azaldılmasına xidmət edir.

     Azərbaycan Respublikası Prezidentinin 09 iyun 2026-cı il tarixli Fərmanı barədə məlumat verən İcra  Başçısı qeyd edib ki, təsdiq olunmuş Fərmanla Naxçıvanda istehsal edilən qeyri-neft məhsullarının ölkənin digər regionlarına daşınma xərclərinin 70%-ə qədəri dövlət tərəfindən qarşılanacaq. Bu dəstək mexanizmi yerli sahibkarların logistika xərclərini azaltmaq, rəqabət qabiliyyətini artırmaq və muxtar respublikanın iqtisadi potensialını gücləndirmək məqsədi daşıyır.

     Qəbulda sakinlər tərəfindən qaldırılan məşğulluq, mərasim evinin tikintisi, qaz infrastrukturunun təkmilləşdirilməsi, su xəttinin təmir olunması, artezian quyusunun vurulması, həyətyanı sahənin su xətti ilə təmin olunması, özünəməşğulluq proqramına cəlb olunma və digər məsələlər ilə bağlı müraciət və təkliflərin bir qismi yerində həll edilib, həlli müəyyən vaxt tələb edən məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

     Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.