
7 aprel 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxışlar dinlənilib. Çıxış edənlər uşaq hüquqlarının qorunmasının hüquqi əsasları, uşaqların cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşmasında ailə və məktəbin rolu, onların hüquq və vəzifələri arasında balansın təmin olunmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, uşaqların hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə həyata keçirilən tədbirlər onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafına xidmət edir. Eyni zamanda, çıxışlarda uşaqların təhsil almaq, sağlam mühitdə böyümək, zorakılıqdan qorunmaq kimi əsas hüquqları diqqətə çatdırılıb, onların üzərinə düşən vəzifələr – təhsilə məsuliyyətli yanaşma, cəmiyyət qaydalarına riayət və valideynlərə hörmət kimi məsələlər izah olunub. Mövzu çərçivəsində maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanaraq, bu istiqamətdə məktəb və valideyn əməkdaşlığının gücləndirilməsinin vacibliyi qeyd edilib.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib.





















