Ordubad Rayon İcra Hakimiyyətində icra hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, icra nümayəndələri və bələdiyyələr iştirak ediblər. Tədbir zamanı tikintiyə icazə və məlumatlandırma icraatı barədə tədbir iştirakçılarına məlumatlar verilmiş, qanunsuz tikinti halları, onların yaratdığı hüquqi, sosial və təhlükəsizlik riskləri tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Mövzu ilə əlaqədar Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Rəşadət Orucov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin 1 saylı ərazi sektorunun müdiri Sabir Abdullazadə çıxış ediblər. Çıxışlar zamanı şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları və qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülməsi zəruri hesab edilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda bu sahədə aparılan işlərdə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, gələcəkdə baş verə biləcək nöqsanların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin, o cümlədən nəzarət mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda iştirakçıların ünvanladığı suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.