05.08.1992-ci il tarixdə Sədərək döyüş bölgəsində şəhidlik zirvəsinə ucalan Həsənəliyev Asəf Ələkbər oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib. Anım mərasimi çərçivəsində Ordubad şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri, din xadimi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlardan bəhs edib, torpaqlarımızın bütövlüyü naminə canından keçən igidlərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. Çıxışlarda şəhid Asəf Həsənəliyevin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun vətənpərvərliyi və qəhrəmanlığı gənc nəsil üçün nümunə kimi dəyərləndirilib.
Tədbirin sonunda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.