ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubadda şəhid ailələri və müharibə iştirakçılarına yeni mənzillər təqdim olunub

Ordubad rayonunda şəhid ailələri və müharibə iştirakçılarına veriləcək yeni mənzillərin təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev çıxış edərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd olunub ki, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədlərindən biri Vətən qarşısında misilsiz xidmətləri olan insanların və onların ailələrinin sosial rifahının, yaşayış şəraitinin davamlı olaraq yaxşılaşdırılmasıdır.

Mənzil təminatı dövlət qayğısının mühüm təzahürlərindən biri olmaqla, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların sosial rifahının yüksəldilməsinə mühüm töhfə verir. Eyni zamanda, bu sahədə aparılan bütün işlər sosial ədalət və humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Sonra Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Nuhi Abdinov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Naib Əlizadə çıxış ediblər. Bildirilib ki, şəhid ailələrinin və müharibə iştirakçılarının yanında olmaq dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur. Onların sosial məsələlərinin həlli, yaşayış şəraitinin yaxşılaşdırılması və rifahının yüksəldilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. Bu mənzillər yalnız yeni yaşayış ünvanı deyil, həm də dövlətin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi ehtiramın, diqqət və qayğının ifadəsidir. Dövlət və aidiyyəti qurumlar bundan sonra da bu kateqoriyadan olan insanların yanında olacaq, onların qarşılaşdıqları məsələlərin həlli üçün bütün imkanlardan istifadə ediləcək.

Tədbir çərçivəsində Ordubad rayonu üzrə 3 şəhid ailəsi və 3 müharibə əlilinə Ordubad şəhəri Heydər Əliyev Prospekti Bina 22 ünvanında yerləşən yeni mənzillərin orderləri təqdim olunub.