ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Prezident İlham Əliyevin azad edilmiş Zəngilana səfərləri: Böyük Qayıdışa aparan yol

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Zəngilan rayonuna mütəmadi səfərləri bölgənin bərpası, yenidən qurulması və sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər çərçivəsində Zəngilanda infrastruktur layihələrinin təməli qoyulmuş, yaşayış məntəqələrinin bərpasına başlanılmış, enerji, nəqliyyat, təhsil və turizm sahələrində mühüm layihələr həyata keçirilmişdir. Dövlət başçısının səfərləri doğma yurdlarına qayıdan və qayıdacaq sakinlər üçün müasir yaşayış şəraitinin yaradılmasına, Böyük Qayıdış prosesinin sürətləndirilməsinə və rayonun dayanıqlı inkişafına xidmət edir.
Prezident İlham Əliyev 23 dekabr 2020-ci ildə Zəngilan şəhərinə səfəri zamanı şəhərdə Azərbaycan bayrağını ucaltmışdır.
2021-ci ilin fevral ayının 14-də baş tutan növbəti səfər zamanı rayonda görüləcək işlərin planlaşdırılması və işğal dövründə dəymiş zərərin ümumi qiymətləndirilməsi istiqamətində məsələlər diqqət mərkəzində olmuşdur. Aprel ayının 26-da Zəngilan rayonunun sakinləri ilə görüşmüş, rayonun gələcək inkişafı baxımından əhəmiyyətli olan bir sıra layihələrin təməlqoyma mərasimlərində iştirak etmişdir. Oktyabr ayının 20-də Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə və Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olmuşdur. Həmin səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanışlıq da baş tutmuşdur. “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak edilmiş, rayonda Rəqəmsal Yarımstansiyanın təməli qoyulmuşdur. Oktyabr ayının 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, həmçinin “Dost Aqropark”ın təməlinin qoyulması mərasimlərində iştirak etmişdir. Səfər zamanı “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə də tanışlıq olmuşdur.
2022-ci ilin may ayının 27-də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan Beynəlxalq Hava Limanının tikintisinin gedişini nəzərdən keçirmiş, Zəngilan məscidində aparılan işlərlə və rayonda salınmış intensiv meyvə bağı ilə tanış olmuşdur. Həmin gün Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasimində iştirak etmişdir. Oktyabr ayının 19-da Ağalı kənd orta məktəbinin şagird və müəllim kollektivi, eləcə də kənd sakinləri ilə görüşmüşdür. Səfər zamanı Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq keçirilmiş, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimi baş tutmuşdur. Bununla yanaşı, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəb binasının təməli qoyulmuşdur.
2023-cü ilin may ayının 4-də Zəngilana səfəri çərçivəsində inzibati binanın təməlqoyma mərasimi keçirilmişdir. Sentyabr ayının 28-də Alıbəyli kəndinin və Zəngilan kəndinin təməli qoyulmuş, Zəngilan Konqres Mərkəzi Kompleksi istifadəyə verilmişdir. Eyni zamanda, “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılış mərasimi keçirilmişdir. Səfər çərçivəsində Zəngilan şəhərində ikinci, üçüncü və dördüncü yaşayış komplekslərinin, eləcə də 160 yerlik uşaq bağçasının təməli qoyulmuşdur. Prezident Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə də tanış olmuşdur. Sentyabr ayının 29-da 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmişdir.
2024-cü ilin may ayının 18-də Zəngilana səfər zamanı Ağalı kəndində “Ağalı” hotelinin açılış mərasimi keçirilmiş, Mincivan qəsəbəsinin təməli qoyulmuşdur. Həmçinin “AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarının açılışı baş tutmuş, Zəngilan məscidi istifadəyə verilmişdir. Bununla yanaşı, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulmuşdur. Oktyabr ayının 3-də “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir. Həmin gün şəhərdə beşinci və altıncı yaşayış komplekslərinin təməli qoyulmuş, 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanışlıq keçirilmişdir. Dövlət başçısı, həmçinin Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olmuş və “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.
2025-ci ilin oktyabr ayının 28-də Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışları keçirilmişdir. Dövlət başçısı Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim etmiş, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülən işlərlə tanış olmuşdur.
2026-cı ilin may ayının 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etmişdir. Dövlət başçısı yeni yaşayış kompleksinə köçən ailələrlə görüşmüş, onların yaşayış şəraiti ilə maraqlanmışdır. Həmin səfər zamanı Zəngilan şəhərində “Zangilan City Park Hotel”in də təməli qoyulmuşdur.