Ordubad rayonunun Sabirkənd kəndində qanunsuz tikililərin qarşısının alınmasına yönəlmiş növbəti maarifləndirici tədbir təşkil olunub. Tədbir Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.Tədbirdə icra nümayəndələri, bələdiyyə sədrləri və sahibkarlıq subyektləri iştirak etmişdir.
Görüş çərçivəsində qanunsuz tikinti halları, onların doğurduğu hüquqi məsuliyyət, sosial-iqtisadi təsirlər və ictimai təhlükəsizlik baxımından yaratdığı risklər kompleks şəkildə təhlil olunmuşdur. Mövzu ilə əlaqədar aidiyyəti qurumların nümayəndələri tərəfindən çıxışlar edilmiş, şəhərsalma və tikinti sahəsində mövcud normativ-hüquqi bazanın tələbləri, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi mexanizmləri, eləcə də qanunsuz tikililərin qarşısının alınmasına yönəlmiş institusional tədbirlər barədə ətraflı məlumat verilmişdir. Bununla yanaşı, tikinti sahəsində ekspertiza prosedurları, qanunsuz tikililərin aşkar edilməsi metodları və onların hüquqi nəticələri iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlılığının vacibliyi vurğulanmışdır.