ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qoşadizə və Kələntər Dizə kənd sakinlərinin müraciətləri dinlənildi

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev vətəndaşların müraciətlərini yerində öyrənmək, qaldırılan məsələlərin operativ və səmərəli həllinə nail olmaq məqsədilə növbəti səyyar qəbulunu Qoşadizə kəndində keçirib. Qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

      Qəbul zamanı çıxış edən Nurlan Hacıyev, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Muxtar Respublikada, o cümlədən Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində həyata keçiriləcək layihələr diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində Ordubad rayonunda həyata keçirilməsi nəzərdə tutulan mühüm infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, Sərəncam çərçivəsində rayonun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi planlaşdırılır. Bununla yanaşı, Ordubad şəhərində yaşayış binalarında istilik qazanxanalarının, yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur. Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də mühüm işlərin görülməsi planlaşdırılır. Belə ki, Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz avtomobil yollarının təmiri həyata keçiriləcək. Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nına uyğun olaraq Kələntər Dizə kəndində artezian quyusunun qazılması içməli su təminatının daha da yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

     Qəbul zamanı Qoşadizə və Kələntər Dizə kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən yol infrastrukturu, məşğulluq, içməli su infrastrukturunun yenilənməsi, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, kənd mərkəzi və məktəb binasının tikintisi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.