ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qubadlının yeni inkişaf tarixi başlanıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir.

2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib.  

Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib.

Cari il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Onlardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillər əsasən iki və üçotaqlıdır. Hazırda 21 binadan və 176 mənzildən ibarət yaşayış kompleksinin bünövrə işləri tamamlanıb.

Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur.

Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 28,5 kilometr uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir.

2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.

İşğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.