Ordubad rayonu üzrə vətəndaş müraciətlərinin yerində araşdırılması və operativ həlli məqsədilə növbəti səyyar qəbul Nəsirvaz kəndində təşkil olunub. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kənd sakinləri ilə görüşərək onların müraciət və təkliflərini dinləyib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin əsas prioritetlərindən biri regionların davamlı inkişafının təmin olunması, vətəndaş rifahının yüksəldilməsi və vətəndaş müraciətlərinin yerində həllidir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası üzrə qəbul olunmuş 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində rayonun iqtisadi potensialının gücləndirilməsi, məşğulluq sahələrinin artırılması, meliorasiya və su təsərrüfatının yaxşılaşdırılması, mədən sənayesinin dirçəldilməsi, turizm imkanlarının genişləndirilməsi, şəhər və kənddaxili yol infrastrukturunun yenilənməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının artırılması əsas prioritetlərdəndir. Çıxış zamanı bildirilib ki, Prezident cənab İlham Əliyev tərəfindən təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” rayonda içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, su infrastrukturunun müasir tələblərə uyğun yenilənməsinə və mövcud su ehtiyatlarından daha səmərəli istifadə imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsinə istiqamətləndirilib. Proqramın icrası kənd təsərrüfatı və emal sənayesinin inkişafına, yerli istehsal və emal potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, ixracyönümlü məhsul istehsalının genişləndirilməsinə və idxaldan asılılığın azaldılmasına təkan verəcək. Qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasının, o cümlədən Ordubad rayonunun sosial-iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyaraq, bölgədə iqtisadi fəallığın artmasına, investisiya imkanlarının genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial rifahının yüksəlməsinə mühüm təsir göstərəcək.
Qəbul zamanı sakinlər tərəfindən məşğulluq, yol infrastrukturunun yenidən qurulması, sərnişindaşıma xidmətinin təşkili, vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yenidən ölçü işlərinin aparılması, ünvanlı dövlət sosial yardımının təyin olunması və digər məsələlərlə bağlı təklif və müraciətlər səsləndirilib. Qaldırılan məsələlər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb. Müraciətlərin bir qisminin həlli istiqamətində operativ tədbirlər görülüb, əlavə araşdırma və müəyyən vaxt tələb edən məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.