Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, mövcud çətinliklərin yerində araşdırılması və operativ həlli məqsədilə Ordubad rayonunda səyyar qəbulların keçirilməsi davam etdirilir. Növbəti səyyar görüş rayonun Vənənd kəndində təşkil olunub. Qəbulda Ordubad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən Rəcəb Rəhimli ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatların regionların inkişafına mühüm töhfə verdiyini bildirib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində müasir infrastrukturun qurulması və hərtərəfli inkişafın təmin olunması istiqamətində görülən işlərdən bəhs olunub. Vurğulanıb ki, Muxtar Respublikada, o cümlədən Ordubad rayonunda şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması, su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının intensivliyinin artırılması, sahibkarlığın inkişafı, məşğulluq imkanlarının genişləndirilməsi, turizmin inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və müasir yaşayış şəraitinin yaradılması diqqət mərkəzində saxlanılır. Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində Ordubad rayonunda içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılması nəzərdə tutulur. Zəngəzur dəhlizinin açılmasının strateji və sosial-iqtisadi əhəmiyyətindən də bəhs olunub.
Ordubad rayonunda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası çərçivəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, rayon ərazisində yerləşən “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsi, Ordubad şəhərinin İSESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil olunması beynəlxalq səviyyədə mədəni və təbii irsimizin tanıdılmasına xidmət edir. Qeyd olunub ki, bu tədbirlər Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə elan edilmiş 2026-cı il — “Şəhərsalma və Memarlıq İli”nə mühüm bir töhfə verəcəkdir.
Səyyar qəbul zamanı kənd sakinlərinin məşğulluq, bələdiyyə torpaqlarından istifadə, kənddaxili yolların təmir olunması, su kanallarının bərpası və yenidən qurulması, elektrik təchizatının təkmilləşdirilməsi, futbol meydançasının tikintisi və digər məsələlərlə bağlı müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılması tələb olunan müraciətlərlə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.