ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəcəb Rəhimli növbəti vətəndaş qəbulunu Nüsnüs kəndində keçirdi

Ordubad rayonu üzrə vətəndaş müraciətlərinin yerində araşdırılması və əhalini narahat edən məsələlərin operativ həlli məqsədilə növbəti səyyar qəbul Nüsnüs kəndində keçirilib. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kənd sakinləri ilə görüşərək onların müraciət və təkliflərini dinləyib. Qəbulda rayonun aidiyyəti xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi , bələdiyyə sədri və yerli sakinlər iştirak ediblər.

     Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Muxtar respublikada həyata keçirilən quruculuq işlərinin, yeni infrastruktur layihələrinin və sosial proqramların vətəndaşların rifah halının yüksəldilməsinə xidmət etdiyi qeyd olunub. Bu çərçivədə Ordubad rayonu ilə bağlı müəyyən edilmiş inkişaf perspektivlərinə toxunan İcra başçısı, şəhər və kənddaxili yol infrastrukturunun bərpası və yenidən qurulması, meliorasiya və su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi, mədən sənayesinin dirçəldilməsinin əsas prioritetlər olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində rayonun şəhər və kənd ərazilərində içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılması nəzərdə tutulur. Ordubad şəhərinin ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi, Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksinin UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsi, həmçinin, Ordubad şəhərinin ərazisində yerləşən tarixi abidələrin qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə ölkə başçısı tərəfindən imzalanmış müvafiq Sərəncama əsasən 'Ordubad' Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasının mahiyyəti bir daha sakinlərin diqqətinə çatdırılıb. Görüşdə Zəngəzur dəhlizinin strateji və sosial-iqtisadi əhəmiyyəti xüsusi vurğulanıb, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulması məqsədilə həyata keçirilən tikinti işləri barədə məlumat verilib.

     Görüş zamanı sakinlər tərəfindən qaldırılan məşğulluq, elektrik xəttinin dəyişdirilməsi, kəndaxili su arxlarının təmizlənməsi, futbol və voleybol meydançasının, uşaq bağçasının, mərasim evinin tikintisi, səhiyyə və s. ilə bağlı müraciət və təkliflərin bir qismi yerində həll edilib, araşdırılması tələb olunan müraciətlərin icrası nəzarətə götürülərək, operativ həlli məqsədilə aidiyyəti qurumların qarşısında vəzifələr müəyyənləşdirilib.     

       Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.