Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayonun Üstüpü kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri ilə yanaşı, Üstüpü, Məzrə, Çənnəb və Düylün kəndlərinin sakinləri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Bildirilib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları regionların inkişafına, infrastrukturun yenilənməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfələr verir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar çərçivəsində genişmiqyaslı quruculuq işləri aparılır, kənd və şəhərlərdə müasir infrastruktur layihələri icra olunur, təhsil, səhiyyə və digər sosial sahələrdə keyfiyyətli xidmətlərin göstərilməsi təmin edilir. Ordubad rayonunda da şəhər və kənddaxili yol infrastrukturunun bərpası və yenidən qurulması, meliorasiya və su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi, məşğulluq imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görüşdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” haqqında Sərəncamının əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, müvafiq Sərəncamla rayonun yaşayış məntəqələrində içməli və suvarma suyu təminatı daha da yaxşılaşdırılacaq. İcra başçısı Zəngəzur dəhlizi layihəsinə də toxunaraq qeyd edib ki, dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər rayonda məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verir.
Daha sonra sakinlərin məşğulluq səviyyəsinin artırılması, elektrik tənzimləyici avadanlıqların yerinin dəyişdirilməsi, qaz və elektrik təchizatı xətlərinin təkmilləşdirilməsi, suvarma kanallarının lil və kollardan təmizlənməsi, avtomobil yollarının asfalt örtüyünün ayrı-ayrı hissələrində cari təmir işlərinin aparılması, həmçinin su anbarlarının tikintisi və subartezian quyularının qazılması ilə bağlı müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli müəyyən vaxt tələb edən müraciətlərin araşdırılması və qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.