Vətəndaş məmnunluğunun təmin olunması, müraciətlərin çevik şəkildə araşdırılması və yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlərin davamı olaraq, iyunun 12-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Xurs kəndində səyyar qəbul keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası regionda, o cümlədən Ordubad rayonunda hərtərəfli inkişafın təmin olunmasında mühüm rol oynayır. Proqramın icrası çərçivəsində şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması, su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişafı, tarix-mədəniyyət abidələrinin qorunması və bərpası, sahibkarlığın inkişafı, məşğulluq imkanlarının artırılması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı Ordubad rayonunda içməli və suvarma suyu təminatının yaxşılaşdırılması, mövcud su infrastrukturunun təkmilləşdirilməsi və su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sahədə müasir və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsinə, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsinə mühüm töhfə verəcəkdir.
Rəcəb Rəhimli çıxışında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə kənd sakinlərini təbrik edib. İcra başçısı, bu tarixin Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin təmin edildiyini, inkişaf yolunun əsaslarının möhkəmləndirildiyini və müasir dövlətçilik institutlarının formalaşdığını qeyd edib. Bildirib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların və dinamik inkişafın təməlində məhz 15 İyun – Milli Qurtuluş Günündən başlanan tarixi dönüş dayanır. Bu dönüşün ölkənin ictimai-siyasi həyatında sabitlik və tərəqqi mərhələsinin başlanğıcı olduğu xüsusi vurğulanıb.
Qəbul zamanı sakinlər tərəfindən məşğulluq məsələləri, yol infrastrukturunun yaxşılaşdırılması, elektrik və qaz təchizatının təkmilləşdirilməsi, su hövzələrinin mühafizəsi və digər məsələlərlə bağlı səsləndirilən müraciət və təkliflər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yerində araşdırılmışdır. Qaldırılan məsələlərin bir qisminin həlli istiqamətində operativ tədbirlər görülmüş, əlavə araşdırma və vaxt tələb edən müraciətlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilmiş və icrası nəzarətə götürülmüşdür.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.