Düylün kəndində şəhid Abdullayev İntiqam Allahverdi oğlunun xatirəsi yad edilib. 03 oktyabr 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidimizin doğum günü ilə əlaqədar Düylün kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidimizin məzarı ziyarət olunub, çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, müstəqilliyimizin qorunması, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.
Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.