Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda 18 may 1992-ci il tarixdə Sədərək rayonunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan İbrahimov Əşrəf İbrahim oğlunun xatirəsi yad olunub. Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, eləcə də Baş Dizə kənd tam orta məktəbi və Ordubad şəhər 3 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunaraq üzərinə tər güllər düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər müstəqilliyimizin qorunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin yenidən tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıblar.
Sonda məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.