Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyinin qorunması uğrunda gedən döyüşlər zamanı 19.05.1992-ci il tarixdə Sədərək rayonunda şəhidlik zivəsinə ucalan Nəsibov Vüqar Şəmil oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub. Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, Ordubad şəhər İnternat tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər Vətən uğrunda canından keçən şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Qeyd olunub ki, şəhid ailələri və müharibə iştirakçılarına dövlət qayğısının göstərilməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Daha sonra Ordubad şəhər İnternat tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.