44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Xəlilli Namiq Həsən oğlunun əziz xatirəsi ehtiramla yad olunub. Şəhidimizin doğum günü ilə əlaqədar keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azadkənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, şəhidimizin ruhuna dualar oxunub.
Tədbirdə çıxışlar dinlənilib, çıxış edənlər şəhidimizin həyatı və döyüş yolu barədə məlumat veriblər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb, şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub
Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.