
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edərək bildirib ki, indiyədək görülən işlər gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Əlverişli investisiya mühiti sayəsində son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.
İqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.
Fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik.
Süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə istifadə etmək və onu ixrac etmək üçün yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər.
Ölkəmizin başçısı vurğulayıb ki, bir neçə gün bundan əvvəl mədənçiliklə əlaqədar dövlət proqramı qəbul edildi. Bu, çox sayda fəaliyyətə təkan verəcək dörd ili əhatə edən qısamüddətli bir proqramdır. Bunlar bizim inkişafımızın əsas istiqamətləridir.
Biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq. Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bizim bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqəmiz mövcuddur. Beləliklə, bu, mühüm bir mərhələ idi. Tranzit ölkəyə çevrilmək üçün bizim, sözsüz ki, qonşularımız və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərə ehtiyacımız var idi. Bu gün bütün qonşularla münasibətlər çox aydın, ən əsası isə proqnozlaşdırıla biləndir.
Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında, - daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik.

