ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev və Thonqlun Sisulitin oktyabr ayının 13-də mətbuata bəyanat verib.
Ölkəmizin başçısı bəyanatında bildirib ki, Thonqlun Sisulitin ilə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşüb və onu Azərbaycana rəsmi səfərə dəvət edib. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdədir. Bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Bu gün həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olundu, konkret addımlar müəyyən edildi. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
İlham Əliyev vurğulayıb ki, 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik göstəririk. Hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır.
Siyasi əlaqələrdə olduğu kimi, iqtisadi sahədə də uğurlu əlaqələri görmək istərdik. Bu sahədə hər iki tərəfin mövqeyi eynidir. Çalışacağıq ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlığımız intensivləşsin. Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq.
Qeyd olunub ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik.
Ölkəmizin başçısı bildirib ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ağır yaralanıb. Burada da təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.
Laos Xalq Demokratik Respublikasının qonşu ölkələrlə dəmir yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər. Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.
Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq yolunda konkret addımlar atıldıqca bu məsələlərin hər biri nəticə verəcək. 30 ildən çoxdur ki, davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Cənab Prezidentin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir.