
Naxçıvan Muxtar Respublikasında işsizliklə bağlı görülən tədbirlərə qeyd edə bilərəm ki, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik. Həmçinin nəqliyyat sahəsində, bu gün yeni elektrik avtobuslarının təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq. Köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və bu yaşıl rəngli avtobusları biz Bakı küçələrində də tez-tez görürük. Daha çox görəcəyik, çünki onların faiz nisbəti dizel avtobuslarla müqayisədə daha da artır. Naxçıvan şəhəri üçün bu məsələ həll olundu. Bilirəm ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var. Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın. Naxçıvan Muxtar Respublikasının yol infrastrukturuna da vaxtilə böyük vəsait qoyulmuşdur. Yolları siz də gördünüz, yaxşı vəziyyətdədir. Amma kənd yolları var, yenə də hələ nasaz vəziyyətdə yollar var və hesablamalar aparılıb, təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu 26 yaşayış məntəqəsindəki əhalinin sayı təxminən 160 min nəfərdir. Bu məsələ öz həllini tapacaq.
Azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün. Şərqi Zəngəzur, Qarabağla yanaşı Naxçıvanın da inkişafı diqqətdə saxlanılır
Onu da qeyd edə bilərik ki, Naxçıvanın turizm potensialı çox zəngindir. Naxçıvanın həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq.Həmçinin Dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik. Ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq.