
Naxçıvan Televiziyası və "Şərq qapısı" qəzeti redaksiyasının birgə ərsəyə gətirdiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sözün gücü” layihəsi çərçivəsində Ordubad rayonunda seminar təşkil olunub.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə çıxış edənlər Azərbaycan dilinin qorunması və dilçilik elminin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıblar. Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl dövlət siyasətindən bəhs olunub. Qeyd edilib ki, ana dilimizin qloballaşma şəraitində saflığının qorunması, media və internet resurslarında ədəbi dil normalarına nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Vurğulanıb ki, dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə yanaşı dilimizin qorunması və inkişafında cəmiyyətimizin də üzərinə mühüm vəzifələr düşür. Xalqımız müxtəlif ictimai-siyasi formasiyalarda öz dilini göz bəbəyi kimi qoruya bilib. Bu gün isə qlobal tendensiyalar, elmi və texnoloji yeniliklər bu məsələyə daha həssaslıqla yanaşmağı tələb edir. Dilimizin saflığının qorunması, yad təsirlərdən mühafizə olunması və onun zəngin imkanlarının gələcək nəsillərə ötürülməsi media nümayəndələrinin, müəllimlərin və ümumilikdə, hər bir vətəndaşın mənəvi borcudur.
Diskussiya şəklində keçirilən seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, onların sualları ətraflı cavablandırılıb.





