ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxış edərək bildirib ki, Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər.

Bildirilib ki, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq. Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir.

Ölkəmizin başçısı vurğulayıb ki, dünyanın bütün ölkələrini götürsək belə, Türkiyə və Azərbaycan ən yaxın ölkələrdir. Əgər əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız. Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı. Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar.

Qeyd olunub ki, 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik.

2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?;

Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir. Beləliklə, əlbəttə, həmin təsisatlarla toqquşma deyil, normal münasibətlərin olması daha yaxşıdır. Amma bir daha deyirəm ki, bu, bizim seçimimiz olmayıb. Biz Avropa Şurasına 2001-ci ildə könüllü şəkildə qoşulmuşuq. O vaxtlar həmin təşkilat fərqli idi və ümumiyyətlə, Avropa başqa idi. Biz Avropaya o istəklə və ümidlə daxil olurduq ki, üzvlük bizə əsas məsələnin - Qarabağ münaqişəsinin həllində, suverenliyimizin bərpasında kömək edəcək.

Biz yeganə keçmiş sovet respublikası idik ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qaldıq. Bu gün həmin düzəliş tamamilə köhnəlib. Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı.İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.

İlham Əliyev bildirib ki, ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.